Dünyaya Bağlanmamaq Duaları (#4755)

İzn ver mənə, Ey mənim Allahım, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum; çünki, Səndən uzaqlıq məni yandırıb yaxdı. Məni Öz fəzlinin kölgəsində rahatlandır, çünki Səndən ayrılığın atəşi ürəyimi əritdi. Məni dirilik suyunun çeşməsinə yaxınlaşdır, çünki Səni durmadan axtararkən susuzluqdan qəlbim od tutub yanır. Mənim ahım, İlahi, mənim qəm-qüssəmin acılığını göstərir, göz yaşlarım Sənə məhəbbətimə şəhadət verir.

Səni and verirəm o tərifə ki, Sən Özün Özünü tərif edirsən və o alqışa ki, Özün Öz Zatını alqışlayırsan – bizi Səni tanıyanların və Sənin günlərində Sənin hökmranlığını etiraf edənlərin sırasına daxil eylə. Sonra kömək eylə, İlahi, mərhəmət barmaqlarından inayət suyunu içək ki, Səndən başqa hər şeyi unudaq, yalnız Səninlə məşğul olaq. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Əzəmətli və Qəyyumsan.

Alqış Sənin adına, Ey Sultanlar Sultanı.

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4756)

Sübhansan Sən, Ey mənim Allahım! Sənə şükr edirəm ki, mənə Zühurunun Məşriqi, Mərhəmətinin Məzhəri, Əmrinin Xəzinəsi olan Kəsi tanıtdırdın. Yalvarıram Sənə, o Adınla ki, onunla yaxınların üzləri ağ oldu və sadiqlərin könulləri Sənə tərəf qanad açdı- mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapışım, Səndən başqa hər kəsdən əlimi üzüm, gözlərimi Sənin Vəhy üfüqünə dikim, Lövhlərində mənə əmr etdiklərini yerinə yetirim.

Öz lütf və inayətinin libası ilə, İlahi, mənim zahirimi və batinimi zinətləndir. Sonra Sənin bəyənmədiyin hər bir şeydən məni hifz eylə, mənə və yaxınlarıma Sənə itaət etməkdə və məni şeytani nəfs və ehtirasa təhrik edən hər şeydən uzaq olmaqda mərhəmətlə yardım eylə.

Sən, həqiqətən, bütün bəşərin Rəbbisən, bu dünyanın və o biri dünyanın Sahibisən. Səndən başqa Allah yoxdur, Sən hər şeyi Bilən və Ən Hikmətlisən!

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4757)

Ucalsın Sənin Adın, Ey mənim Allahım! Səni and verirəm fəzl köynəyinin rayihələrinə ki, Sənin hökmün və istəyinlə bütün kainata yayıldı və Sənin iradə Günəşinə ki, Sənin qüdrətinin və hökmranlığın gücü ilə Sənin mərhəmət üfüqündən parladı – mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə ki, mən bütün sevgimlə üzümü Sənə tutum, Sən Ey bütün bəşərin Rəbbi!

Mən Sənin bəndən və bəndənin oğluyam, Ey mənim Allahım! Sənin fəzl dəstəyindən və inayət ipindən yapışmışam. Sənin yanında olan xeyirli şeyləri mənə nəsib eylə və məni Sənin səxavət buludundan və kərəm göyündən endirdiyin Süfrədən qidalandır.

Sən, həqiqətən, aləmlərin Rəbbi, göydə və yerdə olanların Allahısan.

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4758)

Neçə-neçə buz bağlamış ürək, Ey mənim Allahım, Sənin Əmrinin atəşindən oda qalandı və necə-necə qafil Sənin nidanın şirinliyindən oyandı. Sənin günlərində necə-necə qərib Sənin vahidlik ağacının kölgəsinə sığındı və necə-necə təşnə dirilik suyunun çeşməsinə can atdı.

Xoş o kəsin halına ki, Sənə tərəf yönəldi, Sənin üzünün Məşriqinə çatmağa tələsdi. Xoş o kəsin halına ki, bütün sevgisi ilə üzünü Sənin Vəhy Məşriqinə və ilham Mənbəyinə tutdu. Xoş o kəsin halına ki, Öz Səxavət və lütfünlə ona bəxş etdiklərini Sənin yolunda sərf etdi. Xoş o kəsin halına ki, Sənin həsrətindən yanarkən, Səndən başqa hər şeyi atdı. Xoş o kəsin halına ki, Səninlə munis oldu və Səndən başqa hər şeydən əlini üzdü.

Səni and verirəm, İlahi, Sənin adın olan Kəsə, o Kəs ki, Sənin hökmranlığının gücü və qüdrəti ilə Öz məhbəsinin üfüqündən ucaldı – hər bir kəsə Sənə yaraşanı və Məqamına layıq olanı nəsib eylə. Sənin qüdrətin, həqiqətən, hər şeyə qadirdir.

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4759)

Bilmirəm, Ey mənim Allahim, o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan. Nə torpaq onun şöləsini gizlədə bilər, nə də su onun alovunu söndürə bilər. Bütün yer üzünün insanları onun gücü qarşısında acizdirlər. Bəxtiyardır o kəs ki, bu atəşə yaxınlaşdı və onun uğultusunu eşitdi.

Bəzilərini, İlahi, Sən qüvvətləndirici fəzlinlə ona yaxınlaşmağa qabil etdin, digərlərini isə Sənin günlərində törətdiklərinə görə ondan məhrum qoydun. Və o kəslər ki, ona doğru tələsib kama çatdılar, onlar Sənin Camalının şövqü ilə canlarını fəda etdilər və Səndən başqa hər şeydən ayrılıb Sənə doğru ucaldılar.

Səni and verirəm, İlahi, yanıb şölələnən bu Oda ki, xilqət dünyasında yanır və tüğyan edir, Sənin əzəmət taxtının önünə yetişməyimə və Sənin qapında dayanmağıma mane olan pərdələri yandır. Ey Allahım, Öz kitabında nazil etdiyin bütün xeyirləri mənə nəsib eylə və məni Öz mərhəmət çadırından uzaq düşməyə qoyma.

Sən istədiyini etməyə Qadirsən. Həqiqətən, Sən Qüdrətli və Ən Səxavətlisən.

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4760)

Alqış Sənə, Ey mənim Allahım! Mən Sənə və Sənin əlamətlərinə iman gətirmiş bir bəndənəm. Görürsən, Sənin mərhəmət qapına yönəlmiş və üzümü Sənin inayət sahilinə tutmuşam. Səni and verirəm ən gözəl adlarına və ən uca sifətlərinə - nemətlərinin qapısını mənim üzümə aç. Sonra isə yaxşı əməllərə müvəffəq eylə, Sən Ey bütün adlar və sifətlərin Sahibi!

Mən fəqirəm, İlahi, Sənsə Zənginsən. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmişəm. Yalvarıram Sənə, inayətinin nəsimlərindən məni məhrum etmə və bəndələrin arasında seçilmişlərin üçün müəyyən etdiyindən məni binəsib qoyma.

Ey mənim Allahım, mənim gözlərimdən pərdəni qaldır ki, Sənin yaratdıqların üçün istədiklərini görüm və Sənin əsərlərinin bütün təzahürlərində Sənin yenilməz qüdrətinin əlamətlərini aşkar edim. Mənim ruhumu, ya Rəbb, Özünün ən qüdrətli əlamətlərinlə məftun eylə və məni nəfs və ehtirasın dərinliyindən qurtar. Sonra mənə bu dünyanın və axirətin xeyir-bərəkətini yaz. Sən istədiyini etməyə Qadırsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, hamının yardım Axtardığı Allah.

Mən Sənə şükrlər edirəm, Ey mənim Rəbbim, Sən məni qəflətdən oyatdın, ayıltdın və bəndələrinin əksəriyyətinin qafil olduqlarını anlamağa istək yaratdın. İndi isə Sənin məhəbbətin və razılığın xatirinə, istədiklərinin həqiqətini görməyə məni qadir eylə. Sən O Kəssən ki, hər şey Onun qüdrət və hökmranlığına şəhadət verir.

Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ehsan Edən Allah.

-Bahá'u'lláh
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4761)

Ya Rəbb! Sənə pənah gətirirəm və könlümü büsbütün Sənin nişanələrinə verirəm.

İlahi! İstər səfərdə, istərsə evdə, məşğuliyyətimdə, ya işimdə ikən - mən bütünlüklə Sənə təvəkkül edirəm.

Sənin kifayətedici yardımını mənə bəxş eylə ki, heç nədən asılı olmayım, Sən Ey mərhəmətində misilsiz Allah.

Öz istədiyin kimi mənə ruzi nəsib eylə, İlahi və mənə qismət etdiklərinlə məni qane eylə.

Mütləq hökm etmək ixtiyarı Səndədir.

-The Báb
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4762)

Söylə: Allah hər üstün şeydən üstün Kifayətedicidir, yerdə və göydə olanlardan heç nə yox, yalnız Allah kifayətedicidir. Həqiqətən, O, Zatında Bilici, Yardımçı və Qüdrətlidir.

-The Báb
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4763)

Ey Allah, mənim Allahım! Sən mənim Ümidim və Məhbubumsan. Mənim Məqsudum və Arzumsan! Böyük itaətkarlıq və tam təslimiyyətlə Sənə dua edirəm, məni Öz diyarında məhəbbətinin minarəsi, məxluqatın arasında elminin çırağı, səltənətində ilahi bəxşiş bayrağı eylə.

Məni o kəslərin sırasına yaz ki, Səndən başqa hər şeydən inqita ediblər, bu dünyanın fani şeylərindən özlərini pak ediblər və şəkk-şübhə əhlinin təhrikindən özlərini azad ediblər.

Qoy ürəyim Sənin mələkutundan yetişən təyid ruhu ilə genişlənsin, gözlərim Cəbərutundan ardıcıl olaraq üstümə enən İlahi yardım qoşunlarını müşahidə etməklə işıqlansın.

Sən, həqiqətdə, Qüdrətli, Ən Cəlallı və Ən Qüvvətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Dünyaya Bağlanmamaq Duaları (#4764)

Ey Allah, mənim Allahım! Mənim üçün inqita piyaləsini doldur və Sənin cəlal və ehsan məclisində Öz məhəbbətinin şərabı ilə məni xoşhal eylə. Məni ehtiras və həvəsin hücumlarından qoru, bu rəzil dünyanın qandallarından məni azad et, məni heyranlıqla Öz uca səltənətinə cəzb eylə və mələklər arasında Sənin müqəddəslik nəfəsinlə məni təravətləndir.

İlahi, Öz bəxşişlərinin işığı ilə mənim üzümü parlat, Sənin hər şeyi tabe edən qüdrətinin nişanələri ilə gözlərimi işıqlandır; hər şeyi saran elminin nuru ilə mənim ürəyimi xohşal eylə, qəlbimi təravətləndirən böyük şadlıq müjdələrilə sevindir, Ey bu dünyanın və Mələkutun Sultanı, Ey səltənət və qüdrət Hökmdarı, ta ki, mən Sənin əlamət və nişanələrini yaya bilim, Əmrini bəyan edim və Təlimlərini ucaldım, Qanununa xidmət edim, Kəlamını yüksəldim.

Sən, həqiqətən, Qüvvətli, Həmişə Bəxşedən, Qadir və Güclüsən.

-`Abdu'l-Bahá
-----------------------

